İQTİSADİYYAT


“Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nın yeni layihəsi təsdiq mərhələsindədir

Bakı, 6 iyul, AZƏRTAC

Transfer qiymətləndirmə çox mühüm bir istiqamətdir və bu sahəyə nəzarət Baş İdarəmiz tərəfindən aparılır. Qeyd etmək istərdim ki, bu istiqamətdə mütəxəssislərin formalaşmasında Avropa İttifaqının DVX ilə birgə aparılan Tvinninq layihəsi mühüm rol oynayıb.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev açıqlama verib.

O qeyd edib ki, Transfer qiymətləndirmə prosesinin beynəlxalq standartlara uyğun aparılması məqsədilə son dövrlərdə Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilib, tətbiqi ilə bağlı Qaydalar və daxili istifadə üçün Metodik göstəriş hazırlanıb.

Burada əsas vəzifəmiz Vergi Məcəlləsinin 14-1-ci maddəsində nəzərdə tutulan şəxslər arasında aparılan əməliyyatların “qol uzunluğu” prinsipinə uyğunluğunu təmin etməkdir: “Nəzərə alınmalıdır ki, ölkəmizdə vergiödəyiciləri tərəfindən könüllü qaydada açıqlanan nəzarət olunan əməliyyatların məbləği hər il 2 milyard manatdan çoxdur. Buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergiödəyiciləri müəyyənləşdirilir. Transfer qiymətləndirmə üzrə müvafiq müqayisəli iqtisadi təhlillərin və yoxlamaların yüksək səviyyədə aparılması məqsədilə məşhur “Bureau van Dijk” beynəlxalq məlumat bazasından istifadə edirik. Onu da qeyd etməliyəm ki, tərəfimizdən “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nın yeni layihəsi təsdiq mərhələsindədir”.

Baş İdarə rəisi nəzərə çatdırıb ki, Transfer qiymətləri ilə bağlı yaxın gələcəkdə beynəlxalq məlumat bazalarından istifadənin genişləndirilməsini, transfer qiymətləndirmə məqsədləri üçün iqtisadi sahələr üzrə daxili qiymət (marja) məlumat bazasının yaradılması nəzərdə tutulur. Bundan başqa, transfer qiymətinin müəyyənləşdirilməsi üsulunun əvvəlcədən seçilməsi üzrə razılaşmaların təşviqi, nəzarət olunan əməliyyatların həcminin müəyyənləşdirilməsi məqsədilə “çarpaz nəzarət”in təşkili, daimi nümayəndəliyə aid edilən gəlirin müəyyənləşdirilməsi ilə bağlı qaydaların hazırlanması planlaşdırılır.

Həmçinin uçot-məlumat bazasının və risk meyarları əsasında avtomatlaşdırılmış risk-təhlil sisteminin təkmilləşdirilməsi, maliyyə əməliyyatları, qeyri-maddi aktivlərin alışı-satışı, aşağı dəyərli xidmətlərdə transfer qiymətləndirmə yanaşmalarının tətbiqi və transfer qiymətləri üzrə birgə yoxlamaların aparılması kimi tədbirlər gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.