CƏMİYYƏT


“Transfuziologiya üzrə rəhbərlik” kitabının təqdimat mərasimi olub

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Transfuziologiya üzrə rəhbərlik” adlı kitabın təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə transfuzioloq, hematoloq, cərrah, reanimotoloqlar və tibb bacıları iştirak edib.

Tədbiri giriş sözü ilə institutun direktoru, tibb üzrə fəlsəfə doktoru Zöhrə Əlimirzəyeva açaraq ölkəmizdə ilk dəfə olaraq dərc edilən vəsaitin transfuzioloji hemorreksiya üsullarından istifadə edən mütəxəssis və həkimlər üçün əhəmiyyəti barədə məlumat verib.

Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov kitabın həmmüəlliflərindən biri kimi onun üzərində apardıqları yaradıcılıq işi və vəsaitin hər bir fəsli barədə ətraflı məlumat verib. Qeyd olunub ki, transfuziologiya üzrə rəhbərlik hazırda istifadə edilən qanın tədarükü, yoxlanılması, işlənilməsinin yeni üsulları nəzərə almaqla müasir qan xidmətinin fəaliyyətinin xüsusiyyətləri barədə ən son və aktual informasiyanı özündə cəmləşdirir. Rəhbərliyin ayrı-ayrı fəsilləri qan komponentlərindəki patogenlərin zərərsizləşdirilməsinə, profilaktik qandan hemorratik kök hüceyrələrin əldə olunmasına, autodonorluq və autohemotransfuziologiyalara, anemiyalar zamanı homotransfuziyalara, postransfuzion ağırlaşma və reaksiyalara, hemotransfuziyaların infeksion və immunoloji təhlükəsizliyinin təmin edilməsinə həsr edilib.

Təqdimat mərasimində Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Elmira Qədimova və institutun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru İsgəndər Bağırov “Transfuziologiya üzrə rəhbərlik” kitabı, onun faydası və vacibliyi barədə danışıblar.

Kitabın müəllifləri İ. M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin klinik transfuziologiya kafedrasının müdiri, professor Əliheydər Rəhimov, həmin kafedranın əməkdaşları, professorlar İmnara Bayraməliyeva və Natalya Daşkova, Səhiyyə Nazirliyinin baş hematoloqu, tibb üzrə fəlsəfə doktoru Çingiz Əsədov, tibb üzrə fəlsəfə doktoru Zöhrə Əlimirzəyeva və Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.