ELM VƏ TƏHSİL


Transliterasiya problemləri haqqında məqalə beynəlxalq elmi bazada indeksləşən jurnalda dərc olunub

Bakı, 20 oktyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadənin “Mövcud transliterasiya yanaşmaları və metodlarının icmalı” (A review of existing transliteration approaches and methods) adlı məqaləsi “International Journal of Multilingualism” nəşrində dərc olunub. Jurnal “Web of Science” beynəlxalq elmi bazasında indeksləşir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Məqalədə transliterasiya sisteminin maşın tərcüməsi, insan adları, toponimlərin düzgün yazılışı və informasiya axtarışı sahəsində əhəmiyyəti qeyd edilib, onun digər dillərə təsiri və yaratdığı problemlər identifikasiya olunub. Bu istiqamətdə mövcud olan müxtəlif yanaşma, model və metodlar araşdırılıb və müqayisəli təhlil aparılıb.

Tədqiqat çərçivəsində ayrı-ayrı dillər üzrə təklif edilmiş transliterasiya üsullarının üstün cəhətləri və çatışmazlıqları da təqdim olunub. Təklif edilmiş transliterasiya metodlarının dəqiqlik dərəcəsi göstərilmiş və transliterasiya edilmiş sözlərlə izah edilib. Qeyd olunub ki, bir dil üçün təklif edilmiş transliterasiya metodları digər dillər üçün əhəmiyyətli olmaya bilər. Bundan başqa, fərqli qrafika və fonetikaya malik olan dillərin birtərəfli və geriyə transliterasiyası sahəsində yalnız bir metodun tətbiq edilməsi kifayət etməyə bilər. Bu səbəbdən də müxtəlif transliterasiya üsullarının birləşdirilməsi məqsədəuyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.