DÜNYA


“Transparency International” Avroqrupu tənqid edib

Vyana, 6 fevral, AZƏRTAC

“Transparency International” şəffaflığın və demokratik nəzarətin yetərincə olmamasına görə Avroqrupu tənqid edib.

Beynəlxalq təşkilatın hesabatında bildirilir ki, milli valyutası avro olan 19 Avropa ölkəsini öz ətrafında birləşdirən Avroqrup ən geci maliyyə böhranlarından sonra ciddi söz sahibinə çevrilib. Bu günə kimi qrupun rəsmi olaraq qanunvericilik statusu olmasa da, bağlı qapılar arxasında Avropanın valyuta və maliyyə siyasəti ilə önəmli qərarlar qəbul edən qrup heç bir qurum qarşısında cavabdehlik daşımır. Buna baxmayaraq, Aİ-yə üzv 28 ölkənin bütün maliyyə nazirlərinin iştirakı ilə toplantılar açıq şəraitdə keçirilir və bu toplantıda qəbul edilən qərarlara görə hesabat verilir.

“Transparency International” qeyri-hökumət təşkilatının Brüssel bürosunun rəhbəri Karl Dolan hesabatı təqdim edərkən bildirib ki, növbəti böhran qapını döyməmiş islahatlar aparılmalıdır. O, bu qrupda təmsil olunan maliyyə nazirlərinin bağlı qapılar arxasında yüksək məxfilik şəraitində qərarlar qəbul etdiklərini və valyuta ittifaqının taleyi üçün böyük əhəmiyyət daşıyan bu qərarlara görə əhali qarşısında hesabat vermədiklərini tənqid edib.

Orta hesabla ayda bir dəfə Brüsseldə toplanan Avroqrup ölkələrinin maliyyə nazirləri öz görüşlərini, bir qayda olaraq, Aİ maliyyə nazirlərinin toplantılarından bir gün öncə keçirirlər. Təxminən 20 il bundan öncə avronun təsis edilməsi ilə yaradılan bu qrupun əsas məqsədi milli valyutası avro olan ölkələrin maliyyə nazirlərinin qeyri-formal görüşlərini keçirməkdən ibarət idi. Lakin Aİ-nin pul və valyuta kursu siyasətində getdikcə siyasi çəkisini artıran qrup, sadəcə, diskussiya formatından çıxaraq ən geci 2008-ci il maliyyə böhranı ilə ciddi söz sahibinə çevrildi. Bu gün rəsmi olaraq heç bir işçisi, rəsmi qərargahı və rəsmi qərarvermə səlahiyyəti olmayan Avroqrup Aİ-nin heç bir qurumu (Avropa Parlamenti, Avropa Komissiyası və s.) qarşısında hesabat məsuliyyəti daşımır, yalnız hər bir ölkənin maliyyə naziri verilən qərarlarla bağlı öz ölkəsinin parlament və hökuməti qarşısında hesabat verir.

Beynəlxalq qurum ictimaiyyətin Avroqrupun fəaliyyəti ilə daha yaxından tanış olmaq və onun hesabatlılığını artırmaq üçün şəffaflığı artırmağa və toplantıların iş planı və gündəliyini öncədən ictimai şəkildə elan etməyə çağırıb. Eyni zamanda, büdcə qiymətləndirilməsi kimi mühüm məsələlərin müzakirəsində Avropa Parlamentinin də iştirakı və digər islahatların həyata keçirilməsi tələb olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.