MƏDƏNİYYƏT


Treninq iştirakçılarına sertifikat təqdim olunub

Bakı, 22 iyun, AZƏRTAC

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin əməkdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Teleradio Akademiyasının qonağı olublar.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə sözügedən universitetin prorektoru, professor Ünal Kılıç, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, dosent Yusuf Yıldırım, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, həmçinin Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) İdarə Heyəti sədrinin müavini Salih Tüfekçi, Xəzər Universitetinin dekanı Elza Səmədli və Xəzər Universitetinin müəllimi Telman Quliyev iştirak ediblər.

Əvvəlcə 4 iyun 2021-ci ildə Kəlbəcərdə minaya düşərək şəhid olan mətbuat nümayəndələri – AzTV-nin operatoru Sirac Abışovun və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Teleradio Akademiyasının rektoru Faiq Hüsiyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov ana televiziyanın yenilikləri barədə danışıblar.

Ünal Kılıç birgə layihədə əməkdaşlığı üçün AzTV rəhbərliyinə təşəkkürünü bildirib, 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin sevincini bölüşüb. Prorektor qeyd edib ki, Azərbaycanın şəhid və qazilərinin övladlarına Sivas Cümhuriyyət Universitetində ödənişsiz təhsil üçün şərait yaradılıb.

Sonra Teleradio Akademiyası ilə Türkiyənin Sivas Cümhuriyyət Universitetinin birgə təşkil edilmiş “Media Yaradıcılığı Sertifikat Proqramı” iştirakçılarına sertifikatlar təqdim edilib.

Məlumat üçün bildirək ki, AzTV-nin Teleradio Akademiyasının Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə təşkil etdiyi treninqlərdə 80-ə yaxın media sahəsində çalışan, qeyri-profilli şəxslər və Jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.