CƏMİYYƏT
Treninqdə vərəm xəstəliyinin müayinə metodları, müasir laboratoriya üsulları haqqında ətraflı müzakirələr aparılıb
Bakı, 27 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) birgə təşkilatçılığı ilə "Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar" adlı treninq keçirilib.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, treninqdə vərəm xəstəliyinin yayılması, müayinə metodları, müasir laboratoriya üsulları, Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına uyğun müalicə metodları, eləcə də təlimlərin aparılmasının əsas prinsipləri haqqında ətraflı müzakirələr aparılıb.
Azərbaycan Respublikasının baş ftiziatrı, professor Yavər Şıxəliyev və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova çıxışlarında səhiyyə sahəsində dünyada gedən tendensiyaların izlənilməsinin, o cümlədən vərəm xəstəliyinin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmaların öyrənilməsinin Azərbaycanda bu sahədə müayinə və müalicələrin aparılmasında effektiv olacağını bildiriblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, treninqdə Bakı şəhəri üzrə tibb müəssisələrində çalışan ftiziatrlar iştirak ediblər.