REGİONLAR
Treninqlərdə iştirakçılara seçki günü prosedurları barədə ətraflı məlumatlar verilir
Qax, 29 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıq çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər 112 saylı Qax seçki dairəsində də mütəşəkkil qaydada davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 112 saylı Qax seçki dairəsi üzrə treninqlərə dairənin tərkibində olan 58 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri olmaqla, ümumilikdə, 348 nəfər cəlb edilib. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş Qoşqar Paşayev və Coşqun Mirzəbəyov aparırlar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması məsələləri barədə metodiki məlumatlar verilir. Məşğələlərə yanvarın 31-də yekun vurulacaq.
Dairə seçki komissiyasının sədri Abdukərim Əliyevin bildirdiyinə görə, bu dairə üzrə Milli Məclisə yeganə mandat uğrunda 9 namizəd mübarizə aparır. Onlardan bir nəfəri siyasi partiyanı təmsil edir. Səkkiz nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə indiyədək 596 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 42 min 870 nəfərdir.