REGİONLAR
Treninqlərdə məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri ətraflı izah olunur
Şamaxı, 29 yanvar, AZƏRTAC
Milli Məclisə seçkilərə hazırlıq çərçivəsində məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün yanvarın 27-dən başlanan maarifləndirici treninqlər 85 saylı Şamaxı seçki dairəsində mütəşəkkilliklə aparılır.
Dairə seçki komissiyasının sədri Hüseyn Rəcəbov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında təlim keçən dairə seçki komissiyasının üzvü Şaiq Nuriyev və baş məsləhətçi Eldar Məmmədov tərəfindən aparılır. Treninqlərə 63 məntəqə üzrə 378 nəfər cəlb ediləcək. Tərtib olunan qrafikə əsasən treninqlər günün birinci və ikinci yarısında olmaqla, 2 qrup üzrə keçirilir. Yanvarın 27-si, 28-i və 29-da 6 qrup üzrə 216 nəfər maarifləndirici tədbirə cəlb olunub.
Aşağı seçki komissiyaları üçün təşkil olunan treninqlərdə “Seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri”, “Seçki günü prosesləri və müstəsna hallar”, “Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması”, “Səsvermə proseslərinə dair praktiki tapşırıqlar” kimi mövzular Seçki Məcəlləsinə uyğun olaraq ətraflı izah edilir. Treninqlər zamanı, habelə səsvermə prosesinə dair praktiki tapşırıqlar da icra olunur.
Treninqlərdə iştirakçılara təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim edilib.