REGİONLAR
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
Ağcabədi, 27 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasında Milli Məclisə seçkilərlə əlaqədar məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün treninqlərə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının treninq qrupunun təqdim etdiyi cədvələ əsasən kiçik qruplarla keçirilən treninqlərdə 83 saylı dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsindən 264 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur. Təlimləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən “Trenerlər üçün treninq” kursunda iştirak etmiş Bəyoğlan Tağıyev və Dilafət Quliyev aparırlar.
Dairə Seçki Komissiyasının sədri İbrahim Həsənov treninqlərin məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində xüsusilə mühüm rol oynadığını bildirib, seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə ətraflı danışıb.
Kiçik qruplar şəklində gün ərzində iki dəfə keçirilən treninq zamanı "Seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri", "Seçki günü prosesləri və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması" mövzularında təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır. Treninq zamanı, həmçinin səsvermə proseslərinə dair praktiki tapşırıqlar da icra edilir.
Treninqlərdə bütün iştirakçılara təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim olunur.
Yanvarın 27-də 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir, 81 saylı Beyləqan, 82 saylı Ağcabədi, 84 saylı Füzuli, 93 saylı Bərdə şəhər, 94 saylı Bərdə kənd, 95 saylı Tərtər, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyalarında da treninqlər başlayıb.