DÜNYA


“Tribar Manufacturing” şirkəti kimya sənayesi tullantılarını çaya axıdıb

Vaşinqton, 11 avqust, AZƏRTAC

Miçiqan ştatının Ətraf Mühitin Mühafizəsi Departamentinin nümayəndələrinin sözlərinə görə, avtomobil salonları üçün tərtibat ləvazimatları istehsalçısı olan “Tribar Manufacturing” şirkəti qanunu pozaraq kimya sənayesi tullantılarını Detroytdan şimal-qərbdə yerləşən çay sisteminə axıdıb.

AZƏRTAC departamentin bəyanatına istinadla xəbər verir ki, bu qurumun su ehtiyatları şöbəsi Uiksomdakı “Tribar Manufacturing” şirkətini iyulun 29-da tərkibində altıvalentli xrom olan qalvanik məhlulu kanalizasiya sisteminə axıtmaqda ittiham edib.

Kimyəvi maddələr Quron çayı sisteminə tökülən balaca çaya çirkab suları yönəldən təmizləmə qurğusuna düşüb. Miçiqan ştatının Səhiyyə və Sosial Xidmətlər Departamentinin məlumatına görə, altıvalentli xrom kanserogen maddədir və onu udan, onunla tənəffüs edən, hətta əli ilə ona toxunan insanların sağlamlığında bir sıra problemlər yarada bilər.

İttihamnaməyə görə, “Tribar Manufacturing” şirkəti kimyəvi maddələr axıdılması aşkar ediləndən dərhal sonra Ətraf Mühitin Mühafizəsi Departamentinə təcili məlumat vermədiyi üçün cərimə olunacaq. Daha sonra qeyd edilir ki, çirkləndirici maddələrin icazəsiz axıdılması çirkab suların təmizlənməsi prosesinə mane olub. Ətraf Mühitin Mühafizəsi Departamentinin nümayəndələri bildiriblər ki, çaya nə qədər kimyəvi maddə axıdılması və bunun səbəbləri araşdırılır. Səhiyyə orqanlarının nümayəndələri bildiriblər ki, Oklend və Livinqston dairələrinin bəzi yerlərində insanları və ev heyvanlarını Quron çayı ilə kontaktdan qorumaq lazımdır. Onlar bu rayonda ovlanmış balığı yeməməyi də tövsiyə ediblər.

AZƏRTAC–ın Vaşinqton bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.