DÜNYA
Tu-154: qəza qurbanlarının 70-dən çoxu identifikasiya olunub
Bakı, 13 yanvar, AZƏRTAC
DNT ekspertizası üzrə mütəxəssislər Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin Qara dəniz üzərində qəzaya uğraması nəticəsində həyatını itirən 70 nəfərdən çox insanın şəxsiyyətini müəyyənləşdirib. Həlak olanların qohumları identifikasiyanın nəticələri ilə tanış edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məhkəmə-tibbi ekspertizası bürosundakı mənbə məlumat verib.
Cəsədləri tanınanlar arasında Rusiyanın ictimai xadimi və hüquq müdafiəçisi Yelizaveta Qlinka (doktor Liza), Müdafiə Nazirliyinin mədəniyyət departamentinin rəhbəri Anton Qubankov, Aleksandrov adına ansamblın bədii rəhbəri Valeri Xəlilov, 10 ekipaj üzvü, o cümlədən təyyarə kapitanı və 9 KİV nümayəndəsi də var.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Moskvadan Suriyaya uçan “Tu-154” təyyarəsi 2016-cı il dekabrın 25-də Soçi şəhəri yaxınlığında, Qara dəniz üzərində qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsindəki 92 nəfərin hamısı həlak olub.