REGİONLAR
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq yaradıb
Qəbələ, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə ekskursiyaya çıxan Ağdaş, Füzuli, Göygöl, Siyəzən və Tovuz rayonlarının məktəbliləri noyabrın 19-da Qəbələ rayonunun istehsal müəssisələri, tarixi məkanları və görməli yerləri ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Sonra məktəblilər “Gilan Qida Şəhərciyi”nə gəliblər. Tur-aksiya iştirakçılarına məlumat verilib ki, şəhərciyin nəzdində konserv zavodu, sərinləşdirici içkilərin və kartof çipslərinin istehsalı müəssisələri fəaliyyət göstərir.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, kompleks bölgənin ən çox turist qəbul edən obyektidir. Kompleks gün ərzində 3 min nəfərə xidmət göstərə bilər. Burada 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kanat xətlərinin ümumi uzunluğu 6 kilometr, xizək yolunun uzunluğu isə 17 kilometrdir.
Heydər Əliyev Konqres Mərkəzi ilə tanışlıq da məktəblilərin ürəyincə olub. Mərkəzdə çoxfunksiyalı 1200 yerlik konfrans zalı var və o, kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.
Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki “Çotari” alban-udi kilsəsində olublar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Qəsəbədə üç kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Onlar öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar.
Məktəblilər Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna da gedib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.
Ağdaş, Füzuli, Göygöl, Siyəzən və Tovuz rayonlarının məktəbliləri ekskursiyanın üçüncü günündə Şəki və Zaqatalanın tarixi məkanları ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər.