REGİONLAR
Tuğ kəndindəki qədim Alban məbədi uzun illərdən sonra əsl sahibləri tərəfindən ziyarət olunub VİDEO
Xocavənd, 17 aprel, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndindəki qədim Alban məbədi uzun illərdən sonra əsl sahibləri olan udilər tərəfindən ziyarət edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Alban-Udi Xristian Dini İcmasının üzvləri uzun illərdən sonra öz ata-babalarından miras qalan Müqəddəs İohann kilsəsində olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.
İcmanın sədr müavini Rafik Danakari açıqlamasında bildirib ki, bu kilsə qədim Alban dövlətinə məxsus tikilidir: “Azərbaycan Prezidentinin dediyi kimi, bu kilsə artıq azaddır və əsl sahibləri tərəfindən ziyarət edilir. Tuğ kəndində dini məbədlər çoxdur, onlardan üçü qədim Alban məbədidir. İşğal ərəfəsində ermənilər İohann kilsəsində də saxtakarlıq etməklə bəzi dəyişiklərlə buranı özünküləşdirməyə çalışıblar. Burada erməni dilində yazılar yazıblar, altar hissəni dəyişdiriblər. Onlar nə etsələr də tarixi dəyişə bilməzlər”.
Səfərdə iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə söyləyib ki, artıq tarixi ədalət bərpa olunub. “XII-XIII əsrə aid olan məbəd Alban udiləri qarşılayır. Uzun illərdən sonra onlar öz ata-babalarından yadigar qalan məbədlərində dini ayin icra etdilər. Gördük ki, ermənilər bu kilsəni də mənimsəməyə çalışıblar. Buraya sonradan gətirilən erməni yazısı olan daşların yeni olduğu da ilk baxışdan görünür. Amma tarixi ədaləti saxtalaşdırmaq heç də asan deyil. Çünki bu irsin, bu torpaqların azərbaycanlılara aid olduğu hər kəs tərəfindən etiraf edilir”, - deyə Rəvan Həsənov bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru qeyd edib ki, Həvari kilsələrinin əsl varisləri olan Alban udilər öz dini inanclarını qoruyub saxlamaqla, tolerant və multikultural Azərbaycan cəmiyyətində yaşadırlar: “Bunun bariz nümunəsidir ki, bu gün alban məbədini birlikdə ziyarət edirik. Prezidentimizin də dediyi kimi, işğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, o cümlədən bu məbədlər də bərpa edilərək əsl varislərinə geri qaytarılacaq”.
Qeyd edək ki, Xocavənd rayonunun Tuğ kəndində yerləşən Müqəddəs İohann kilsəsi tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.