MƏDƏNİYYƏT
Tuğrul Türkeş: Türk Mədəniyyəti və İrsi Fondu türkdilli xalqların mədəniyyətinin, irsinin qorunması baxımından önəmlidir
Ankara, 8 oktyabr, AZƏRTAC
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti türkdilli xalqların mədəniyyətinin, irsinin qorunması, araşdırılması və təşviq edilməsi baxımından önəmlidir.
Bu sözləri Türkiyənin Baş nazirinin müavini Tuğrul Türkeş Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşündə deyib.
Görüşdə Günay Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsi barədə təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyünü və üzv ölkələrin dövlət başçıları tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. O, Fondun fəaliyyətinin əsas istiqamətləri, nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Xaricdə Türklər və Qohum İcmalar təşkilatı da daxil olmaqla QHT-lərin fəaliyyətinə məsul olan Baş nazirin müavini T.Türkeş qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti bu quruma üzv olan Türkiyə tərəfindən daim dəstəklənir.
Görüşdə, həmçinin əməkdaşlığın perspektivləri, BMT Mədəniyyətlər İttifaqı çərçivəsində birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara