ELM VƏ TƏHSİL
“Tullantıdan incəsənətə” müsabiqəsi çərçivəsində növbəti tədbir
Bakı, 22 fevral, AZƏRTAC
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Respublika İncəsənət Gimnaziyasında “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə növbəti tədbir keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə nazirliyin əməkdaşı, məktəblərin pedaqoji kollektivi, şagirdlər və təşkilatçı qurumların nümayəndələri iştirak ediblər.
“Nargis” Nəşriyyat Evinin direktoru Aytən Hüseynova tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işlərinin vacibliyini vurğulayaraq bu kimi ekoloji və sosialyönümlü layihələrə məktəblilərin cəlb olunmasının əhəmiyyətindən danışıb.
Layihənin kuratoru Rəşad Ələkbərov “Qoy dünya yenidən gülsün” mövzusunda təqdimatla çıxış edib, uşaqların suallarını cavablandırıb.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri qısa musiqi parçaları ilə çıxış ediblər.
Sonda şagirdlər tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə və əl işlərinə baxış keçirilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.