ELM VƏ TƏHSİL
“Tullantılara ikinci həyat” - maarifləndirici tədbirlər
Bakı, 13 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici tədbirlər keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, pedaqoji kollektiv və məktəblilər tərəfindən “Tullantıdan incəsənətə”, “Təbiətimizi gözəlləşdirək”, “Tullantılara ikinci həyat” və digər bu kimi mövzular üzrə müsabiqə, yarış, seminar, “Açıq dərs” və sərgilər təşkil olunur, müxtəlif araşdırmalar aparılır.
Tədbirlərin keçirilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.
Məktəblilərə müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə məlumat verilir. Bildirilir ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı ölkəmizdə məqsədyönlü işlər görülür. Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur.
Çıxış edənlər məişət tullantılarının təkrar emalının təbii resurslardan istifadəni minimuma endirdiyini deyirlər. Bildirilir ki, təkrar emal zamanı bir çox məmulatlar yararlı hala gətirilir və minimum itki ilə yenidən məişətə qayıdır.
Tədbirlərdə təkrar emala yararlı plastik tullantıların yenidən istehsalına dəstək verilməsi barədə fikir mübadiləsi aparılır, məktəblilərin sualları cavablandırılır.
Şagirdlərin ideya və bacarıqlarına uyğun olaraq müxtəlif lazımsız plastik qablardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək yaratdıqları zövqoxşayan əsərlər, incəsənət nümunələri, müxtəlif eksponatlar nümayiş olunur.
Həmçinin bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq baxımından əhəmiyyətlidir.