REGİONLAR
Tullantılardan hazırlanan “dəmir maral” FOTO VİDEO
Siyəzən, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən şəhər sakini Cavid Yəhyayev tullantılardan hazırladığı əl işləri ilə görənləri təəccübləndirməkdə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, C.Yəhyayev bundan əvvəl yararsız avtomobil şinləri və istifadə olunmuş şirə qablarından qeyri-adi fiqurlar və bəzək əşyaları hazırlayırdı.
İyirmi ildən artıqdır neftçıxarma sahəsində mühəndis işləyən Cavid bu dəfə yararsız metal əşyalardan, müxtəlif texnikaların ehtiyat hissələrindən istifadə etməklə maraqlı əl işləri hazırlayıb.
İstedadlı mühəndisin üç ay ərzində ərsəyə gətirdiyi “dəmir maral” hamının marağına səbəb olub. Bu maral təmir sexlərindən toplanan dəmir parçalarından və gündəlik məişətdə işlədilən, amma indi istifadəyə yararsız dəmir alətlərdən hazırlanıb. Diqqətlə baxdıqda “dəmir maralın” kəlbətin, qayçı, şiş, çarpayının tutacaqları, velosiped zəncirləri, müxtəlif disklər, eləcə də avtomobil və başqa texnikaların yararsız ehtiyat hissələrindən ibarət olduğunu görmək olar. Qeyri-adi maralın ölçüləri bu canlının real ölçüləri ilə eynidir.
“Bu maralın hazırlanması üçün üç aya yaxın vaxtım, gözümün nuru gedib. Lazım olan metalları təmir sexlərindən toplamışam. Bəzi hissələri hətta pulla almışam. Dəmir parçaları qaynaq vasitəsilə yapışdırılıb, cilalanıb və sonda şəffaf boya vurulub. “Dəmir maralı” satmaq məqsədilə hazırlamamışam. Amma təklif olarsa, bu barədə düşünərəm”, - deyə Cavid Yəhyayev bildirib.
Asudə vaxtını qeyri-adi fiqurlar hazırlamağa sərf edən C.Yəhyayev ənənəsinə sadiq qalaraq daha çox heyvan, quş, böcək və sair fiqurlar düzəldir. Son əl işləri arasında at başı, qartal, xoruz, motosikletlər, neftçıxarma qurğusu, insan, quş və balıq fiqurları daha diqqətçəkəndir. Hazırlanan əl işlərinin bəziləri abstrakt janrdadır.
C.Yəhyayevin yararsız materiallardan hazırladığı maraqlı eksponatların sayı 100-ü keçib. O, əl işlərindən ibarət sərginin təşkil olunmasını arzulayır.
Siyəzənli mühəndis yararsız avtomobil şinlərindən hazırladığı əl işləri ilə “Tullantıdan sənətə” IV Beynəlxalq sərgisində iştirak edib. Yararsız avtomobil şinlərinə, dəmir parçalarına “yeni həyat” bəxş edən Cavid artıq 10 ildir bu işlə məşğuldur. Belə əl işləri düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.