REGİONLAR
Tümen Dövlət Universitetinin professoru MDU-da ustad dərsi keçib




Bakı, 6 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Rusiyanın Tümen Dövlət Universitetinin (TDU) sahibkarlıq baza kafedrasının müdiri, professor, ictimai xadim, psixoloq və sahibkar Eduard Ömərov tərəfindən ustad dərsi keçirilib. Ustad dərsində universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
MDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə universitetin rektoru Şahin Bayramov çıxış edərək, Rusiya ali təhsil məkanında özünəməxsus mövqeyə sahib olan TDU ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib. Bu əməkdaşlığın qurulmasında göstərdiyi dəstəyə görə hazırda universitetin qonağı olan professor E.Ömərova təşəkkürünü bildirən rektor, işbirliyi çərçivəsində ilk tədbirin məhz onun təqdimatında keçirilməsini yüksək dəyərləndirib. E.Ömərovun Rusiyada sahibkarlıq və akademik istiqamətlərdə uğurlu fəaliyyətindən və Azərbaycan-Rusiya əlaqələrinin inkişafında fəal rolundan söhbət açan Ş.Bayramov, onun cəmiyyətdə ictimai xadim kimi də tanındığını qeyd edib. Rektor çoxşaxəli və məhsuldar fəaliyyət təcrübəsinə malik olan qonağın ustad dərsinin bütün iştirakçılar üçün faydalı və maraqlı olacağına inandığını söyləyib.
TDU rəhbərliyinin salamlarını çatdıran professor E.Ömərov xoş sözlərə, ikitərəfli əməkdaşlığa verilən yüksək dəyərə və dəstəyə görə minnətdarlığını bildirib. MDU-nu izlədiyini, burada təhsilin və gənclərin inkişafına böyük önəm verilməsinin təqdirəlayiq hal olduğunu qeyd edən professor Azərbaycanın dördüncü ən böyük sənaye şəhərində yerləşən universitetin kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edib.
Hazırda yeni dövrün universitetinə çevrilmək yolunda inamla irəliləyən MDU ilə əməkdaşlığın davamlı və qarşılıqlı faydalı olacağına əminliyini bildirən E.Ömərov hər iki universitetin potensialının güclənməsində akademik mobilliyin rolunu yüksək dəyərləndirib və bu kontekstdə qarşılıqlı olaraq həyata keçiriləcək birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.
Sonra professor E.Ömərov “Sahibkarlıq təhsili və uğura gedən yol” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda sahibkarlıq təhsilinin önəmi və iqtisadi inkişafa təsiri, bu sahədə tədqiqat istiqamətlərinin müasir trendlərə uyğunlaşdırılması, universitet-biznes əlaqələrinin inkişaf etdiriməsi, sahibkaryönümlü karyera strategiyasının qurulması və hədəflərin düzgün müəyyən edilməsi, sahibkarlıq düşüncəsi və idarəetmənin əsas prinsipləri barədə ətraflı məlumat verilib.
E.Ömərov professor-müəllim və tələbə heyəti üzvlərinin suallarını cavablandırıb.
Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
TDU-nun kafedra müdiri MDU-nun kitabxanasına və tədbirin iştirakçılarına müəllifi olduğu “Nailiyyətin təminatı” kitabını hədiyyə edib.
Qeyd edək ki, MDU və TDU arasında əməkdaşlığa bu il mayın 12-də Bakıda hər iki universitetin rektorlarının görüşü zamanı imzalanan müqavilə ilə start verilib. Müqaviləyə əsasən universitetlər arasında birgə layihələrin həyata keçirilməsi, təhsil mübadilələrinin aparılması nəzərdə tutulub.