DÜNYA
Tunisdə konstitusiya referendumu keçirilir VİDEO
Qahirə, 25 iyul, AZƏRTAC
Tunisdə ölkənin əsas qanununa prezidentin səlahiyyətlərinin artırılması maddələrinin əlavə edilməsini nəzərdə tutan konstitusiya referendumu keçirilir.
AZƏRTAC rəsmi TAP agentliyinə istinadla xəbər verir ki, Tunisin Seçki Komissiyası ölkə daxilində 11 min 614, xaricdəki 47 ölkədə isə 4 min 384 seçki məntəqəsində səsvermə keçirildiyini bildirib. Ümumilikdə, 9 milyon 278 min seçicinin səs verəcəyi məntəqələrdə 1200 müşahidəçi qeydə alınıb. Ümumxalq referendumunun rəsmi nəticələri iyulun 28-də elan ediləcək.
“Ərəb baharı” adlanan prosesdən sonra iqtisadi və sosial tənəzzülün daha da dərinləşdiyi Tunisdə Prezident Kais Səidin ötən il parlamenti buraxması ciddi siyasi təlatümlərə səbəb olub. Qanunverici orqanda ən çox yerə malik olan “Ennahda” partiyası dövlət başçısının bu addımına qarşı çıxsa da, siyasi partiyaların çəkişməsindən bezmiş xalq Prezidenti dəstəkləyib. Tunis vətəndaşlarının əksəriyyəti hesab edirlər ki, dövlət başçısının səlahiyyətlərinin artırılması dərin sosial-iqtisadi böhrandan qurtulmağa kömək edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə