DÜNYA
Tunisin Baş naziri Ramazan bayramı ərəfəsində ölkədə qapanma elan edib
Qahirə, 7 may, AZƏRTAC
Tunisin Baş naziri Hiçem Meçiçi COVID-19 pandemiyasının təhlükəli həddə çatması ilə əlaqədar Ramazan bayramı ərəfəsində ölkədə tam qapanma elan edib.
AZƏRTAC TAP informasiya agentliyinə istinadla xəbər verir ki, Baş nazir hazırkı vəziyyəti Tunisin tarixində ən ağır epidemiya adlandırıb. O bildirib ki, bayram günlərində axşam saat 19-dan sonra məscidlər, marketlər və həyati əhəmiyyəti olmayan biznes obyektləri bağlanacaq, habelə regionlar arasında gediş-gəliş qadağan ediləcək. H.Meçiçi vurğulayıb ki, ölkənin səhiyyə sistemi tam çökmə riski altındadır. Hazırda hər gün 100 nəfərin həyatını itirdiyi Tunisdə karantin xəstəxanalarında oksigen balonları çatışmır. Bu ölkədə indiyədək yeni növ koronavirusdan 300 mindən çox yoluxma, 11 200 ölüm faktı qeydə alınıb.
Pandemiya ilə yanaşı, Tunisdə ağır sosial-iqtisadi böhran da hökm sürür. Belə ki, ötən il ümumi daxili məhsul 8,2 faiz azalıb, dərin inflyasiya və işsizlik sosial vəziyyəti daha da çətinləşdirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə