REGİONLAR


Tur-aksiya: Məktəblilər Quba Soyqırımı Memorial Kompleksində ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar

Quba, 24 mart, Elxan Yusifli, AZƏRTAC

Martın 24-də Biləsuvar, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Şuşa, Xocavənd, Zəngilan və Cəbrayıl məktəblərinin 400-ə yaxın yuxarı sinif şagirdi “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində qədim Quba və Azərbaycanın şimal qapısı sayılan Qusarla tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul, Salyan, Şuşa, Zəngilan və Cəbrayıl rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Quba ekskursiyası dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb.

Şagirdlərin diqqətinə çatdırılıb ki, uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq tikilib.

Şagirdlər qəsəbədəki Heydər Əliyev parkını gəzib, sinaqoqla, eləcə də Qudyalçayın üzərindəki Tağlı körpü ilə tanış olublar.

Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Azərxalça” ASC-nin Quba filialında xalça toxunması prosesini də izləyiblər.

Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, məbəd 1802-ci ildə tikilib. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Daha sonra məktəblilər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada şəhərindəki “ABAD Factory” İstehsalat Kompleksi ilə yaxından tanış olublar.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.

Tur-aksiya iştirakçıları, həmçinin “Quba Palace” mehmanxana kompleksində və burada yerləşən Qolf klubunda da olublar.

Biləsuvar, Cəlilabad, Masallı və Xocavənd məktəblərinin şagirdləri isə martın 24-də Azərbaycanın şimal qapısı sayılan Qusara səfər ediblər.

Məktəblilər Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, regional mədəniyyət idarəsinin, təhsil şöbəsinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Qusar rayonu təkcə təbii gözəllikləri ilə deyil, həm də qədim mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. Yayda gözoxşayan meşələri, qışda qara bürünmüş dağ və dərələri buraya gələnlərin diqqətini çəkir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.

Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olublar. Məktəblilərə buradakı otellər və müxtəlif xidmətlər barədə ətraflı məlumatlar verilib. Tur-aksiya iştirakçıları mərkəzin xidmətlərindən pulsuz yararlanmaq imkanı da qazanıblar.

Məktəblilər günün ikinci yarısında Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.

Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyinə, Olimpiya İdman Kompleksinə və rəsm qalereyasına ekskursiya ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.