REGİONLAR


Tur-aksiya: “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq şagirdlərdə böyük maraq doğurub

Qəbələ, 25 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə səyahətə çıxan Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Qazax, Tovuz və Göyçay rayonlarının məktəbliləri ekskursiyanın üçüncü günü - martın 25-də Qəbələ rayonunun müasir istehsal müəssisələri, tarixi məkanları, turizm və istirahət mərkəzləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.

Qəbələ konserv zavodunda olan məktəblilərə məlumat verilib ki, burada fəaliyyət göstərən emal müəssisələrində yarımfabrikat dondurulmuş kartof və kartof çipsi, həmçinin sərinləşdirici işçilər istehsal olunur.

Sonra məktəblilər “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, bölgənin ən çox turist qəbul edən bu obyektində hazırda 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kompleksdə turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, dağ-xizək trası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleks 3 min nəfərə xidmət göstərə bilir.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi son illər ölkəmiz üçün yeni idman növü olan xizəkçiliyin gənclər arasında yayılmasına səbəb olub. Kompleksin xizəkçilik mərkəzi həm turizmin inkişafı, həm də yeni dağ idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Məktəblilər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərinin mənzərəsini seyr edib, xatirə şəkli çəkdiriblər.

Heydər Əliyev Konqres Mərkəzi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, binanın birinci mərtəbəsində zallar, 350 yerlik restoran və inzibati otaqlar, ikinci mərtəbəsində isə 1200 yerlik çoxfunksiyalı konfrans zalı yerləşir. Bu zal kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki “Çotari” alban-udi kilsəsində olublar. Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna ekskursiya da maraqlı keçib.

Tur-aksiya iştirakçıları şam yeməyindən sonra intellektual yarışlarda öz biliklərini nümayiş etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.