REGİONLAR


Tur-aksiya: doqquz rayonun məktəblilərinin şimal-qərb bölgəsinə səfəri başa çatıb

Qəbələ, 26 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində martın 23-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə səfərə çıxan 9 rayonun – Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Qazax, Tovuz və Göyçay məktəblilərindən ibarət qruplar martın 26-da ekskursiyalarını başa vuraraq Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüb.

Qəbələdəki “Karvansaray” və “Qafqaz Sport” otellərində qalan 360 məktəbli və onları müşayiət edən şəxslər ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarının görməli yerləri, muzeyləri, tarixi məkanları ilə yaxından tanış olublar.

Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, konserv zavoduna, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə ekskursiyalar, Şəkidə yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzi, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi, Tarix-Mədəniyyət Qoruğu, Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.

Tur-aksiya zamanı şagirdlər, həmçinin ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olublar. Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaranıb.

Martın 25-də axşam tur-aksiya iştirakçıları “Nə? Harada? Nə vaxt?” intellektual oyununda bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın yekun nəticələrinə əsasən, “Qazax-1”, “Ağstafa” və “Qazax-2” komandaları müvafiq olaraq ilk üç yeri tutublar. Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıb.

Doqquz rayonun məktəbliləri respublikamızın şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.