REGİONLAR
Tur-aksiya iştirakçıları IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Hərəmiz bir ağac əkək” aksiyasına qoşulublar
Lənkəran, 18 noyabr, Bağır Əliyev, AZƏRTAC
Bakının Sabunçu, Nərimanov, Nizami, eləcə də Zaqatala, Balakən, Qax və Tərtər rayonlarının, Yevlax və Şuşa şəhərlərinin IX-XI sinif şagirdləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində noyabrın 18-də Lənkəran rayonu ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva tur-aksiya iştirakçılarını salamlayaraq məktəblilərə rayonun tarixi, adət-ənənələri, mədəniyyət abidələri, əhalinin məşğulluğu, turizm potensialı, sosial-iqtisadi inkişafı barədə məlumat verib.
Sonra şagirdlər Lənkəran şəhərindəki Gənclər Mərkəzinə gəliblər. Məlumat verilib ki, Gənclər Mərkəzində “Countri Chicken” kafesi, 3D kinozal, konfrans, əyləncə, atıcılıq və bilyard zalları və “La Terrazza” restoranı fəaliyyət göstərir.
Burada tur-aksiya iştirakçıları üçün cənub bölgəsinin milli mətbəxinin nümunələri və şirniyyatları ilə zəngin olan çay süfrəsi açılıb.
Məktəblilər iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan park, “Mayak” və “Azərbaycanlıların soyqırımı” abidələri ilə də tanış olublar.
Şagirdlər IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi altında keçirilən aksiyaya qoşularaq Lənkəran şəhərinin Heydər Əliyev prospektində, Xəzər dənizi sahili boyunca 500-ə yaxın küknar, ağcaqayın və yerli növ ağaclar əkiblər.
Günün ikinci yarısında “Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət təşkil edilib.
Məlumat verilib ki, Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ümumi sahəsi 21 min 435 hektardır. 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hirkan Milli Parkı yaradılıb. Milli Park Hirkan qoruğunun və əlavə olaraq qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir.
Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.
Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının şöbə müdiri Sabir Ramazanov şagirdlərə cənub bölgəsində çayçılığın inkişaf tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri və onların nəticələri barədə ətraflı məlumat verib.
Lənkəran Dövlət Dram Teatrı ilə tanışlıq zamanı tur-aksiya iştirakçıları Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasına tamaşa ediblər.
Axşam yeməyindən sonra məktəblilər “Şah sarayı”nda onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlara qatılıblar.
Lənkəranın füsunkar təbiətinə, tarix və mədəniyyət abidələrinə heyran olduqlarını bildirən məktəblilər, cənub bölgəsinin adət-ənənələrinin, milli mətbəxinin və turizm potensialının onlarda zəngin təəssürat yaratdığını diqqətə çatdırıblar.