REGİONLAR


Tur-aksiya iştirakçıları Lənkəranda

Lənkəran, 16 mart, Bağır Əliyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı olan Quba, Xaçmaz, Qusar, Yevlax, Ucar, Ağdaş, Ağsu və Qobustan rayonlarının məktəbliləri martın 16-da Lənkəran rayonu ilə tanışlığı davam etdiriblər.

AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Hirkan Milli Parkına gəliblər. Məlumat verilib ki, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkı zəngin flora və faunasına görə nəinki Azərbaycanın, dünyanın ən nadir milli parkı hesab olunur. Burada buzlaşma dövründən qabaqkı endemik, relikt dövr bitkiləri, o cümlədən heyvanat aləmi qorunub saxlanılır.

Ərazisi 40 min 358 hektar olan Hirkan Milli Parkında Azərbaycanın “Qırmızı kitab”ında olan ağac və kol bitkilərinin yarıdan çoxuna təsadüf edilir. Parkda təkcə nadir bitki aləmi deyil, nəsli tükənməkdə olan heyvan növləri də mühafizə edilir.

Hirkan Milli Parkı ilə tanışlıqdan sonra məktəblilər “Xanbulan” istirahət mərkəzinə səyahət edib, çay plantasiyalarında olublar.

Bildirilib ki, Lənkəranda ilk dəfə çay bitkisi 1898-ci ildə əkilib. Sovetlər dövründə Azərbaycan əhalisinin çaya olan tələbatının 70 faizi yerli istehsal hesabına ödənilib.

Uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq təsərrüfatı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası nəticəsində özünün yeni dirçəliş dövrünü yaşayır.

Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Mayak” binası, Bayraq Meydanı, Həzi Aslanov Parkı, “Samovar” şəhərciyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.

Tur-aksiya iştirakçıları, həmçinin Azərbaycanlıların Soyqırımı Abidəsini də ziyarət ediblər.

Lənkəranla tanışlıqdan sonra məktəblilər martın 17-də səyahətlərini Masallı və Astara rayonlarında davam etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.