REGİONLAR
Tur-aksiya iştirakçıları Qubada ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar VİDEO
Quba, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 16-də on rayonun məktəblilərindən ibarət 400 nəfərdən çox şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblilərin bir qrupu - Neftçala, Salyan, Şirvan, Şuşa və Zəngilanı təmsil edən şagirdlər qədim Quba ilə tanışlığa dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıblar. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar. Burada məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər.
Cümə məscidində olan tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, zəngin memarlıq üslubuna malik dini məbəd 1802-ci ildə tikilib. Məscidin tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.
Daha sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Məktəblilər 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər. Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış olublar.
Lənkəran, Astara, Lerik, Yardımlı və Yevlax, rayonlarından olan şagirdlər isə martın 16-da Azərbaycanın “şimal qapısı” sayılan Qusara səfər ediblər.
Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir.
Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olub, Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.