REGİONLAR


Tur-aksiya iştirakçıları Şahbuz rayonunun və Naxçıvan şəhərinin tarixi-mədəni abidələri ilə tanış olublar

Naxçıvan, 23 mart, Rauf Əliyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının ikinci mərhələsinin iştirakçıları martın 23-də Şahbuz rayonunun və Naxçıvan şəhərinin tarixi-mədəni abidələri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, şagirdlər əvvəlcə 4 mindən artıq eksponatı olan Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gəliblər. Burada onlara Azərbaycanın ən qədim guşələrindən olan Şahbuz rayonun ərazisindən tapılan qədim maddi-mədəniyyət nümunələri, Küküçay boyunca yerləşən arxeoloji abidələr ilə yanaşı Sarıdərə abidələri, Şahbuz qalası barədə məlumat verilib.

Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə üçü elektron lövhə ilə təmin olunmuş 12 sinif otağına, kimya, biologiya və fizika laboratoriyalarına, hərbi kabinəyə, kompüter, şahmat otaqlarına maraqla baxan şagirdlər buradan Ağbulaq İstirahət Mərkəzinə gəliblər. Şahbuz rayonunun ucqar ərazisində yerləşən Ağbulaq İstirahət Mərkəzi onlara xoş təəssürat bağışlayıb. Səfalı təbiəti, gözəl mənzərəsi ilə diqqəti çəkən dağ istirahət mərkəzi iki ildir fəaliyyət göstərir. Bu gün mərkəz yerli və xarici turistlərin tez-tez üz tutduğu məkandır.

Batabat Astrofizika Rəsədxanasında olan məktəblilər burada səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatları maraqla dinləyiblər.

Şahbuz Dövlət Təbiət Qoruğunun muzeyində nümayiş etdirilən qoruq ərazisindəki flora və faunaya aid eksponatlar şagirdlərin diqqətini cəlb edib. Onlara məlumat verilib ki, qoruqda 2 min 899 bitki növü yayılıb. Bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir.

Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn qonaqlar kompleksə böyük maraq göstəriblər.

Burada muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında məktəblilərə ətraflı məlumat verilib. Kompleksin yanında yerləşən Nuh peyğəmbərin türbəsi də şagirdlərdə dahilər yurdunun qədim tarixi barədə dərin təsəvvür formalaşdırıb.

Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə böyük təəssürat yaradıb. Buradakı ekspozisiyalar, əsasən, qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir.

Naxçıvan şəhərindəki Hüseyn Cavid Məqbərəsini ziyarət edən tur-aksiya iştirakçıları Naxçıvan şəhərinin ən yüksək məkanında yerləşən Dövlət Bayrağı Meydanı və Muzeyində də olublar. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilib.

Sonra məktəblilər Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.

Sonda tur-aksiya iştirakçıları “Duzdağ” otelində Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında konsertə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.