REGİONLAR


Tur-aksiya iştirakçıları arasında Göyçay məktəbliləri də var

Göyçay, 26 mart, Şahnəzər Bəşirov, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyəsi ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya çərçivəsində martın 26-da səhər saatlarında Göyçay rayonundan olan 40 şagird Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyada iştirak etmək üçün yola salınıb. Rayon icra hakimiyyətinin və təhsil şöbəsi işçilərinin, valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Yolasalma mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək tur-aksiyaların yeniyetmələrin Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Valideynlər çıxışlarında tur-aksiyaların şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Şagirdlər maarifləndirici tur-aksiya ilə bağlı təəssüratlarını bölüşüblər. Göyçay şəhər 1 saylı orta məktəbin 11-ci sinif şagirdi Zümrüd İslamlı və şəhər 3 saylı orta məktəbin 10-cu sinif şagirdi Müjgan Mirzəliyeva bildiriblər ki, ekskursiya zamanı onlar Azərbaycanın bölgələrini yaxından tanıyacaq, tarixi abidələrlə tanış olacaq, yeni dostlar qazanacaqlar.

Mərasimdən sonra əllərində üçrəngli Azərbaycan bayrağı olan tur-aksiya iştirakçıları musiqi sədaları altında avtobusla Şəki şəhərinə yola düşüblər. Məktəbliləri rayon icra hakimiyyətinin nümayəndəsi, 4 nəzarətçi müəllim və həkim müşayiət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.