REGİONLAR
Tur-aksiya iştirakçıları parklar və muzeylər şəhəri Xaçmazda VİDEO
Xaçmaz, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 300-dən çox şagirdin şimal bölgəsi ilə tanışlığının sonuncu ünvanı muzeylər və parklar şəhəri Xaçmaz olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 17-də Ağdam, Bərdə, Goranboy, Naftalan, Tərtər, Beyləqan, Ağcabədi, Xocavənd və Laçının ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkına gəliblər. Burada onları rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar.
Qonaqlar şəhərdəki yeni inşa olunan Heydər Əliyev Mərkəzində də olublar.
Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.
Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər.
Meydan və Çənlibel parkında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq, yaşadıqları şəhər və rayonlara yola düşüblər.