REGİONLAR
Tur-aksiya iştirakçısı: Məni ən çox sevindirən şəhər və rayonlarımızın yeniləşən siması oldu
Şəki, 16 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası biz gənclərin gələcəyi üçün çox uğurlu layihədir. Bu aksiya bizə Vətənimizi daha yaxından tanımağı, onu sevməyi öyrədir.
Bu sözləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyanın iştirakçısı, Göygöl şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Elmira Qazıyeva Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Tur-aksiyanın onlara ölkəmizin səfalı guşələrini, füsunkar təbiətini öz gözləri ilə görmək, bölgələrdə əhalinin yaşayış tərzini, adət-ənənələrini öyrənmək, tarixi abidələrlə, muzeylərlə yaxından tanış olmaq imkanı yaratdığını vurğulayan Göygöl məktəblisi deyib: “Məni ən çox sevindirən isə şəhər və rayonlarımızın yeniləşən siması oldu. Marşrut boyu rayonlarda aparılan tikinti-quruculuq və abadlıq işlərini öz gözlərimizlə gördük, bölgələrimizin sürətli iqtisadi inkişafının canlı şahidi olduq”.