REGİONLAR
Tur-aksiya iştirakçısı: Quba təkcə ağ alması ilə deyil, həm də zəngin tarixi və əsrarəngiz təbiəti ilə tanınır
Quba, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba haqqında, əsasən də Quba alması haqqında çox eşitmişdim. Amma bugünkü ekskursiya zamanı şahidi oldum ki bu qədim diyar təkcə məşhur ağ alması ilə deyil, həm də tarixi abidələri, əsrarəngiz təbiət mənzərələri ilə zəngindir. “Cümə” məscidi, Tağlı körpü, dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə və gəzdiyimiz başqa yerlər mənə xoş təsir bağışladı. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın iştirakçısı olduğuma görə çox sevinirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tur-aksiyanın Şəkidən olan iştirakçısı Asif Qədirli söyləyib.
Baş Zəyzid kənd tam orta məktəbinin IX sinif şagirdi bildirib ki, ekskursiya zamanı başqa rayonlardan həmyaşıdları ilə dostlaşmaq imkanı da qazanıb. “İndi mənim Şamaxı, İsmayıllı, Oğuz və Qobustandan, həmçinin başqa rayonlardan məktəbli dostlarım var. Biz istirahət zamanı intellektual oyunlar oynayır, səfər təəssüratlarımızı bölüşürük. Bu gün Qubadayıq. Sabah isə Qusarın görməli yerlərini gəzəcəyik”, - deyə məktəbli qeyd edib.