REGİONLAR
Tur-aksiyalar məktəblilərin hərtərəfli inkişafında əvəzsiz rol oynayır
Qax, 16 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizin regionlarını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. “Ölkəmizi tanıyaq” layihəsi sayəsində mən də bu arzuma qovuşmuşam. Bu tur-aksiya mənim və yaşıdlarımın hərtərəfli inkişafına öz müsbət təsirini göstərir.
Bu fikirləri Suraxanı rayonunun Zığ qəsəbəsindəki 317 nömrəli tam orta məktəbin IX sinif şagirdi Seymur Teymurov Qaxda AZƏRTAC-a müsahibəsində bildirib.
Bölgəyə ilk dəfə səfər etdiyini vurğulayan məktəbli deyib: “Haqqında dərsliklərdən oxuduğum, televiziya ekranlarından izlədiyim bir çox məşhur abidələri öz gözlərimlə gördüm. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, Qaxın İlisu kəndindəki Sumuq qala, Ulu körpü və digər memarlıq abidələri ilə tanışlıq hamımızda çox səngin təəssürat oyadıb. Layihənin ən böyük əhəmiyyəti odur ki, onun sayəsində biz ölkəmizi daha yaxından tanıyırıq, tariximiz barədə dolğun məlumatlar əldə edirik”.
Suraxanı məktəblisi belə layihələrin gənclərin dünyagörüşünün zənginləşməsinə, ölkəmiz haqqında biliklərinin artmasında əvəzsiz rol oynadığını bildirib.