REGİONLAR
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
Daşkəsən, 14 noyabr, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyaya Daşkəsən rayonunun məktəbliləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayondan 20 məktəblinin iştirak etdiyi bu tur-aksiyada şagirdlər Lənkəran-Astara-Masallı marşrutunun iştirakçıları olacaqlar.
Rayonun Heydər Əliyev Mərkəzində təşkil olunmuş yolasalma mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, təhsil şöbəsinin işçiləri, idarə və müəssisə rəhbərləri, müəllimlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Namiq Süleymanov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar gözəl ənənəyə çevrilib. Artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün Vətənimizin müxtəlif bölgələrinə belə tur-aksiyalar təşkil olunur.
Həmin turlara Daşkəsən rayonunun ümumtəhsil məktəblərinin şagirdləri də böyük həvəslə qoşulurlar. Onlar ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə tanış olur, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərini, respublikamızın dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasını əyani şəkildə görürlər.
Bildirilib ki, tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitməyəcək. Şagirdlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan mənfur Ermənistan silahlı qüvvələrinin mövqelərimizə, dinc əhaliyə, yaşayış yerlərinə daim atəş açması barədə də ətraflı məlumat veriləcək. Həmçinin müasir Azərbaycan Ordusunun qüdrəti və son illərdəki hərbi uğurları barədə məlumatlar məktəblilərin vətənpərvərlik ruhunu daha da yüksəldəcək.
Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqlar.
Məlumat verilib ki, məktəblilər ekskursiya çərçivəsində cənub bölgəsinin tarixi, adət-ənənələri, ləzzətli mətbəxi, təbiətinin gözəlliyi ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar. Rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, qədim tarixi abidələr, gənclər mərkəzləri, Olimpiya kompleksləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanışlıq şagirdlərin yaddaşında silinməz izlər buraxacaq.
Çıxış edən valideynlər ölkəmizi daha yaxından tanımaq üçün övladlarına yaradılan şəraitə və şagirdlərin dünyagörüşünün yüksəldilməsinə, onların azərbaycançılıq ruhunda böyüməsi üçün mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Sonda ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzən məktəblilər Lənkərana yola düşüblər.