CƏMİYYƏT
Tural Gəncəliyev: Qazi və müharibə iştirakçılarının fərdi inkişafına yardım göstərmək hər kəsin borcudur
Bakı, 23 iyun, AZƏRTAC
“Qarabağa dönüş” təşkilatı olaraq “BP Azerbaijan” və “Ekvita” şirkətlərinin dəstəyi, Kulane Peşə Təhsil Mərkəzinin köməkliyi ilə 44 günlük Vətən müharibəsinin qaziləri üçün 6 ay ərzində peşə kursları təşkil etdik. Bu gün isə peşə təhsilini başa vuran layihə iştirakçılarına sertifikatlar təqdim olundu. İnanırıq ki, peşə təhsilini başa vuran iştirakçılar işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinə öz töhfələrini verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı, “Qarabağa dönüş” təşkilatının rəhbəri Tural Gəncəliyev söyləyib.
O, şirkət rəhbərlərini qazi və müharibə iştirakçılarının məşğulluq məsələlərinin həllinə çağırıb. Tural Gəncəliyev, həmçinin bildirib ki, qazi və müharibə iştirakçılarının işlə təminatı məsələsi ilə yanaşı, onların fərdi inkişafına yardım göstərmək hər kəsin borcudur.
“Qarabağa dönüş” təşkilatının rəhbəri Azərbaycanın tarixi Qələbəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsini və şanlı Ordumuzun cəsarətini vurğulayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaradıb və yenidənqurma işlərini sürətlə davam etdirir.