SİYASƏT


Tural Gəncəliyev: Təxribatların intensiv xarakter alması Ermənistanın regionda sülhün bərqərar olmasını istəmədiyini göstərir

Bakı, 24 sentyabr, AZƏRTAC

Son günlər Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və diplomatik nümayəndəliklərinə, mədəniyyət mərkəzlərinə erməni radikal qruplarının hücumlarının tez-tez şahidi oluruq. Bu hadisələr xüsusilə Qərb ölkələrinin paytaxtlarında, əsas şəhərlərində baş verir. Erməni vandallarının, şovinist ünsürlərin təxribatlarının intensiv xarakter alması onu göstərir ki, Ermənistan, dünya erməniliyi regionda sülhün bərqərar olmasını istəmir. Bir sözlə, ermənilər regionda daim gərginliyin olmasının tərəfdarıdırlar və hər vəchlə buna çalışırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Xankəndidən deputatı Tural Gəncəliyev söyləyib.

T.Gəncəliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun irəli sürdüyü siyasət işğalçı Ermənistan tərəfindən dəstəklənmir. “Onlar regionda davamlı sülhün əldə edilməsinə hər vəchlə mane olurlar. Bu da erməni diaspor nümayəndələrinin, Ermənistanın hərbi-siyasi rəhbərliyinə bağlı olan qüvvələrin şovinizm ruhunda, ksenofobiya və azərbaycanofobiya ruhunda yetişdiyinin göstəricisidir. Təəssüf ki, belə məsələlər bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olur”, - deyə deputat diqqətə çatdırıb.

Tural Gəncəliyev vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfəri ilə ədalətin var olduğunu qarşı tərəfə sübut edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ədalətin, təhlükəsizliyin və sülhün təmin olunması üçün bütün qüvvəsini səfərbər edəcək. Dövlətimizin apardığı praqmatik siyasət nəticəsində Ermənistanın təxribatlarına layiqincə cavab veriləcək. Dünya erməni diaspor təşkilatlarının istəyindən asılı olmayaraq, Azərbaycan özünün və vətəndaşlarının təhlükəsizliyini təmin edir və bundan sonra da edəcək. Buna heç bir radikal qüvvə mane ola bilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.