SİYASƏT


Tural Gəncəliyev : Ermənistanın mülki əhalini hədəfə alması onların işğalı davam etdirmək niyyətində olduqlarını göstərir

Bakı, 3 oktyabr, AZƏRTAC

Artıq yeddinci gündür ki, təcavüzkar Ermənistan azərbaycanlı mülki əhaliyə qarşı raket və artilleriya atəşlərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələri isə işğal olunmuş torpaqlarımızda yaşayan mülki əhaliyə qarşı heç bir silah işlətmir. Əksinə, beynəlxalq hüququn bütün prinsiplərinə riayət edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 3-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev deyib.

Tural Gəncəliyev bildirib: “Ermənistanın mülki əhalini hədəfə alması bir daha onu göstərir ki, onlar işğalı davam etdirmək niyyətindədirlər. Biz Ermənistanın təcavüzünə, Ermənistan hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı törətdiyi bu cinayətlərə cavab olaraq bildirdik ki, 30 ildir münaqişənin tənzimlənməsini gözlədik. Ancaq onlar nəinki münaqişənin sülh yolu ilə həllini istədilər, hətta yeni əraziləri ələ keçirməklə bağlı yeni bəyanatlar səsləndirdilər. Onların son təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızı azad etmək, həmin ərazilərdən qovulmuş insanların geri qayıtması üçün əks-hücum əməliyyatı həyata keçirir. Biz də icma üzvləri olaraq Silahlı Qüvvələrimizin bu əks-həmləsini dəstəkləyirik”.

Hazırda Azərbaycanın işğal altındakı torpaqlarında yaşayan erməni mülki sakinlərə müraciət edən Tural Gəncəliyev deyib: “Orada yaşayan ermənilərə səslənirəm ki, Azərbaycan Silahlı Qüvvələrinə qarşı əllərinə silah götürməsinlər. Bilsinlər ki, Azərbaycan Silahlı Qüvvələri keçirdiyi əməliyyatlarla həm Azərbaycan Respublikasının torpaqlarını işğaldan azad edir, həm də oradan qovulan əhalinin hüquqlarını bərpa edir. Orada yaşayan erməni əhali bunu başa düşməlidir. Bu əməliyyatlardan sonra orada yaşayan etnik azlıqlar da bölgəyə qayıdan azərbaycanlılarla birgə yaşamaq hüququ qazanacaqlar. Ordumuzun həyata keçirdiyi əməliyyatın əsas məqsədi yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarını bərpa etməkdir. Oradakı ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mərhəmətinə sığınsınlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.