SİYASƏT


Tural Gəncəliyev kanadalı deputatların xalqımıza qarşı qərəzli mövqeyini qınayıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri Tural Gəncəliyev Kanada parlamentinin senatoru Leo Housakos və Ontario yerli parlamentinin üzvü Gurratan Singhə həm video, həm də yazılı formada etirazını bildirib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, son günlər adıçəkilən şəxslər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalını dəstəkləyən bəyanatlar səsləndiriblər. Tural Gəncəliyev Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrinə Ermənistan tərəfindən atılan qadağan olunmuş raketlər nəticəsində 100-ə yaxın mülki şəxsin öldürülməsi, onların arasında 10 azyaşlının olması faktını həmin şəxslərin, həmçinin Kanada parlamentinin bütün üzvlərinin diqqətinə çatdırıb.

İcma rəhbəri bildirib: “Seçicilərinizin hüquqlarını qorumaq əvəzinə, sizə verilən tribunadan erməni lobbisinin ruporu kimi çıxış etməyiniz seçicilərinizə hörmətsizlik kimi qiymətləndirilir. Siz bu hərəkətlərinizlə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi müharibə cinayətlərinin müdafiəçisinə çevrilirsiniz”.

Müraciətdə Tural Gəncəliyev Kanadanın Ontario və Kvebek bölgələrinin əhalisinə səslənərək bildirir ki, bu gün sizi parlamentdə təmsil edən şəxslər bütün insan haqlarını kobud şəkildə pozaraq günahsız insanların ölümünə haqq qazandırır. Bu siyasətçilər doğrudanmı sizin dəstəyinizə layiqdirlər?

Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri T.Gəncəliyev, Singh və Housakosun xalqımıza qarşı qərəzli mövqelərini kəskin şəkildə qınamaqla yanaşı, onları Azərbaycan xalqından üzr istəməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.