CƏMİYYƏT
Tural Hüseynov: Vəkillər Kollegiyası bundan sonra da səmərəli fəaliyyət göstərəcək
Bakı, 7 dekabr, AZƏRTAC
Vəkillər Kollegiyası bundan sonra da səmərəli fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Tural Hüseynov dekabrın 7-də jurnalistlərə müsahibəsində deyib.
T.Hüseynov qeyd edib: “Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı uğurla təşkil olunub. Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətləri ən yüksək səviyyədə əlaqələndirilib. Konfransda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası sədrinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü seçilməsi bunun göstəricisidir”.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrinin və üzvlərinin əksəriyyətinin gənclər olduğunu vurğulayan T.Hüseynov qeyd edib: “İnanırıq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ölkəmizdə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən hüquqi islahatların həyata keçirilməsi işinə, eləcə də vəkillik institutunun daha da inkişafına öz töhfəsini verəcək və bu prosesdə yüksək fəallıq nümayiş etdirəcək”.