ELM VƏ TƏHSİL
“Turan Cavid – 95” adlı elmi sessiya keçirilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin qızı, pedaqoq, mətnşünas Turan Cavidin 95 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.
Hüseyn Cavidin Ev Muzeyindən AZƏRTAC-a bildiriblər ki, “Turan Cavid-95” adlı sessiyada bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı mətnşünas Turan Cavidin mənalı ömür yolundan, böyük sənətkar Hüseyn Cavid irsinin toplanması, tədqiq və təbliğində mühüm xidmətlərindən danışıb. O, Turan Cavidin xatirəsinin daim əziz tutulduğunu bildirib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev böyük şair və dramaturq Hüseyn Cavid və Cavidlər irsinə daim yüksək diqqət göstərib.
Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva mətnşünas Turan Cavidin səmərəli fəaliyyətindən bəhs edib, muzeyin Cavidlər ailəsinin xatirəsinin əbədiləşdirildiyi məkan olduğunu söyləyib.
Sonra tədbir iştirakçıları Turan Cavidin çoxşaxəli fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.