ELM VƏ TƏHSİL
Turan Cavidsiz keçən 12 il
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də böyük şair və dramaturq Hüseyn Cavidin qızı, muzeyşünas, teatrşünas, mətnşünas Turan Cavidin vəfatından 12 il ötür. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyində “Turan Cavidsiz keçən 12 il” adlı anım mərasimi keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük ziyalı Turan Cavidin zəngin, mənalı həyat və fəaliyyətindən danışıb. Qeyd edilib ki, Turan Cavidin atası, böyük ədib Hüseyn Cavidin irsinin toplanılmasında, tədqiq və təbliğində əvəzsiz xidmətləri olub.
Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin irsinə böyük əhəmiyyət verdiyini xatırladan G.Babaxanlı vurğulayıb ki, Cavidlər irsinin tədqiqi və təbliği ilə bağlı muzeydə çox önəmli tədbirlər keçirilir.
Muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva filologiya elmləri doktoru Gülbəniz Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür salnaməsi” kitabı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Turan Cavidin həyat və yaradıcılığına işıq tutan bu nəşrdə onun ictimai fəaliyyəti, şəxsiyyəti barədə 100-ə yaxın mətn, 300-dən artıq foto və sənəd yer alıb.
Tədbirdə Turan Cavidə məxsus əşyaları və sənədləri əks etdirən virtual sərgi nümayiş etdirilib.