REGİONLAR
“Turan Tovuz” futbol klubunun yeni baş məşqçisi təqdim edilib VİDEO
Tovuz, 17 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
“Turan Tovuz” peşəkar futbol komandasının yeni baş məşqçisi Ayxan Abbasovla rəsmi müqavilə imzalanıb. Mərasim Tovuz şəhər stadionunda təşkil olunub. Tədbirə “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev və klubun icraçı direktoru Nadir Nəbiyev də qatılıb.
AZƏRTAC xəbər verir ki, mütəxəssis əvvəlcə “Turan Tovuz” Futbol Akademiyasında yaradılmış şəraitlə və məşqçi heyəti ilə tanış olub. PRO kateqoriyalı məşqçiyə FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA-nın inşa etdirdiyi bazada yaradılan şəraitlə bağlı məlumat verilib. Daha sonra o, akademiyanın nümayəndələri və məşqçi heyəti ilə tanış olub.
Yeni baş məşqçi azarkeşlərin də dəstəyi ilə yaşıl meydanda 2+1 illik müqaviləyə imza atıb. Ayxan Abbasov 9 illik fasilədən sonra Premyer Liqaya çıxan klubun, eyni zamanda, akademiyanın qarşıda duran çox ciddi və çətin tapşırıqları uğurla icra edəcəyinə əmin olduğunu söyləyib. “Burada iyunun 20-25-də toplantı keçirməyi planlaşdırırıq. Keçən il birinci divizionda çıxış edən futbolçulara və bir neçə klubdan olan gənc futbolçulara baxmaq istəyirik. Komanda şəklində iyunun 27-də təlim məşq toplanışına yığışıb, Premyer Liqaya hazırlaşacağıq. Həmçinin qonşu ölkələrin birində təlim-məşq, yoldaşlıq görüşləri keçirməyi də düşünürük. Transferlər də olacaq”, – deyə “Turan Tovuz” FK-nın baş məşqçisi bildirib.
Premyer Liqada iştirak edəcək komandaya yeni transferlər və legionerlərin də dəvət olunacağı baş məşqçinin böyük planları arasında yer alır. Baş məşqçi jurnalistlərə açıqlamasında onu da vurğulayıb ki, “Turan Tovuz” Futbol Akademiyası ölkə millisində və digər klubların heyətində iştirak edəcək milli futbolçular da yetişdirəcək.
Baş məşqçi azarkeşlərin suallarını da cavablandırıb.