REGİONLAR


Turistlər Yeni il bayramını ölkəmizin şimal rayonlarında qarşılamağa üstünlük verirlər VİDEO

Şimal bölgəsindəki otel və istirahət mərkəzlərində yerlərin 70-80 faizi artıq sifariş olunub

Xaçmaz, 8 dekabr, Elxan Yusifli, AZƏRTAC

Yeni il bayramı ilə əlaqədar Qusar, Quba və Xaçmazdakı otel və istirahət mərkəzlərindəki yerlərin böyük hissəsi əvvəlcədən sifariş olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2018-ci ilin son, yeni ilin isə ilk günlərini Qusar rayonunda keçirmək istəyənlər daha çoxdur. Bayrama 20 gündən çox vaxt qalmasına baxmayaraq, rayon ərazisində yerləşən əksər turizm obyektlərində otel yerlərinin 70-80 faizi bron edilib.

Şahdağ Turizm Mərkəzində yeni qış mövsümü dekabrın 15-dən başlayacaq. Mərkəzdəki otellər isə ayın əvvəlindən turistlərin xidmətindədir.

Mərkəzin satış və marketinq şöbəsindən bildirilib ki, Yeni il bayramı ilə əlaqədar təşkil olunacaq proqramlara biletlərin yarıdan çoxu indidən satılıb.

Qubadakı istirahət mərkəzləri tərəfindən də qonaqlara müxtəlif turizm paketləri təqdim olunur. İki və ya üç günü əhatə edən bu paketlərin qiymətləri yerindən asılı olaraq bir nəfər üçün 130 manatdan 1500 min manata kimi dəyişir. Bu qiymətə oteldə gecələmə, qidalanma, eyni zamanda, istirahət mərkəzləri tərəfindən təşkil olunan şou proqramlarında iştirak etmək imkanı daxildir.

Əcnəbi turistlərin müraciətləri arasında ərəb ölkələrindən, Rusiya, Türkiyə və İrandan olanlar çoxluq təşkil edir. Bununla əlaqədar istirahət mərkəzlərində qonaqlara ənənəvi milli mətbəxlə yanaşı, xarici ölkə yeməkləri də təqdim olunacaq.

Xaçmazda yerləşən turizm obyektləri də qış mövsümündə qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirib.

Xaçmaz Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, rayondakı 60-dək istirahət mərkəzindən 50-yə yaxını Yalama-Nabran turizm zonasında yerləşir. Onların əksəriyyəti yayda çimərlik mövsümündə fəaliyyət göstərir. Nabranda yerləşən 8 istirahət mərkəzi isə qış mövsümündə də turistlərə xidmət edir.

Vasif Əhmədov Yeni il bayramı ilə əlaqədar mərkəzə edilən müraciətlərin sayının artdığını deyib. Dincəlmək üçün Xaçmaz rayonunu seçənlər arasında ov turizminə həvəsi olanlar da var. On iki ovçu-turist Xəzər sahillərində ördək, qaşqaldaq ovlamaq üçün müraciət edib. Qeyd edək ki, turizm şirkətləri ovçuluq turlarını yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq icazəsi əsasında həyata keçirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.