MƏDƏNİYYƏT


Turistlər otel seçərkən rəyləri öyrənirlər

Bakı, 18 iyul, AZƏRTAC

İnternetdə səyyahların rəyləri səfərə çıxmağa hazırlaşanlar üçün əsas informasiya mənbəyidir. “TripAdvisor” saytının analitikləri bu qənaətə gəliblər.

AZƏRTAC “www.turizm.ru”ya istinadla xəbər verir ki, səyyahlar arasında çox populyar olan bu internet-servisin apardığı qlobal tədqiqat zamanı 23 min istifadəçinin rəyi soruşulub. Məqsəd otellərdə nömrələrin bron edilməsində, restoranların və turizm tədbirlərinin seçilməsində onlayn-rəylərin nə kimi rol oynadığını aydınlaşdırmaq olub.

Əldə olunmuş nəticələrə görə, ixtisaslaşdırılmış saytlarda səyyahlar üçün əsas informasiya mənbəyi şərhlərdir. Turistlərin 72 faizindən çoxu qərar qəbul etməzdən əvvəl həmişə, yaxud tez-tez həmin rəyləri oxuyur. Söhbət yaşayış yerinin bron edilməsindən gedəndə bu rəqəm daha yüksək olur: hər 5 səyyahdan 4-ü, yəni 81 faizi otelə müraciət etməmişdən əvvəl həmişə və ya tez-tez rəylərlə tanış olur. Hər 10 istifadəçidən təqribən 8-i, yəni 79 faizi eyni şərtləri olan iki obyekt arasında seçim edərkən böyük ehtimalla reytinqi daha yüksək olan otelə üstünlük verir. Səyyahların yarısından bir qədər çoxu – 52 faizi rəyləri öyrənmədən oteldə nömrə sifariş etmir.

Tədqiqat saytın analitiklərinin bir sıra gözlənilməz nəticələrə gəlməsinə imkan verib. Hər 10 respondentdən təqribən 4-ü, yəni onların 39 faizi çox kəskin şərhlərə məhəl qoymayıb. Rəyi soruşulanların yarısından çoxu – 55 faizi insanların münasibəti haqqında maksimum tam təsəvvür əldə etmək üçün yalnız bir neçə rəylə tanış olub. İstifadəçilər qəti qərar qəbul etmək üçün, orta hesabla, 9 rəy oxuyub. Bu zaman rəyin yazılma tarixi böyük əhəmiyyət daşıyıb. Sorğu iştirakçılarının təqribən 80 faizi sonuncu şərhlərə daha böyük əhəmiyyət verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.