İQTİSADİYYAT


Turistlərə viza verilməsi prosedurlarının asanlaşdırılması müzakirə edilib

Bakı, 19 aprel, AZƏRTAC

“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi qrupunun növbəti iclası keçirilib.

İşçi qrupunun növbəti iclasında Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Dəniz Agentliyi, Azərbaycan Avtomobil Yolları Agentliyi və digər qurumların nümayəndələri iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər

haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icra vəziyyəti müzakirə edilib. Belə ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində əldə edilməsinə şərait yaratmaq məqsədilə, bütün buraxılış məntəqələrində “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılması istiqamətində görülən işlər barədə müzakirə aparılıb.

Bildirilib ki, may ayının ortalarından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında “Asan Xidmət” pəncərəsinə xarici turistlər yaxınlaşmaqla turist vizası ala biləcəklər.

Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən sərhəd buraxılış məntəqələrində aparılan müşahidələrə dair hazırladığı hesabatda əks edilmiş rəy və təkliflər və bir sıra mühüm məsələlər işçi qrupun müzakirəsinə təqdim edilib, dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq fikirlər səsləndirilib.

İclasın yekunu olaraq bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılması, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması siyasətini davam etdirməsi istiqamətdə təkliflərin hazırlanması və digər məsələlərə dair qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.