MƏDƏNİYYƏT
“Turizm-2011” mükafatının təqdimatı olmuşdur
Bakı, 17 dekabr (AZƏRTAC). “Turizmə dəstək” Gənclər Koalisiyası bir sıra təşkilatları, Milli Məclisin deputatlarını, incəsənət və KİV nümayəndələrini, hüquqi və fiziki şəxsləri “Turizm-2011” mükafatı ilə təltif etmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 17-də “Avropa” otelində geniş tədbir keçirilmişdir.
Tədbirdə “Turizmə dəstək” Gənclər Koalisiyasının baş əlaqələndiricisi Ramiz Alıyev təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, “Turizmə dəstək” Koalisiyası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə bu il fevralın 2-də yaradılmışdır. Koalisiyanın yaradılmasında əsas məqsəd turizmin inkişafına və təbliğinə yönəlmiş layihələrin həyata keçirilməsinə dəstək vermək, əhali arasında maarifləndirmə tədbirləri və aksiyalar keçirməklə ölkənin turizm potensialının üzə çıxarılmasına kömək etməkdir.
Tədbirdə qeyd edilmişdir ki, koalisiyanın apardığı monitorinqin nəticələrinə əsasən Azərbaycanın turizm potensialının ölkə daxilində və xaricdə təbliğində uğurlu fəaliyyətinə görə ayrı-ayrı şəxslər və qurumlar mükafatlandırılacaqlar.
Sonra müxtəlif nominasiyalar üzrə “Turizm-2011” mükafatı təqdim olunmuşdur.
Mükafat alanlar arasında Milli Məclisin deputatları Qənirə Paşayeva, Aydın Mirzəzadə, Sevinc Hüseynova, tanınmış modelyer Fəxriyyə Xələfova da olmuşlar.
Turizmin inkişafına həsr olunan tədbirləri geniş işıqlandırdığına görə Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC “Turizm-2011” mükafatına layiq görülmüşdür.
Tədbirdə Azərbaycanın iqtisadi inkişafını, turizm potensialını əks etdirən “Ölkəm mənim” adlı musiqili klip nümayiş etdirilmişdir.