MƏDƏNİYYƏT
“Turizm Könüllüləri” Təşkilatı ictimaiyyətə təqdim edilib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi Bakı Konqres Mərkəzində keçirilən təsis konfransında ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyi və tabeliyində olan qurumların əməkdaşları, eləcə də digər dövlət qurumlarının, gənclər təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
“Turizm Könüllüləri” təşkilatının təsisçisi Məhəmməd Muradov təşkilatın təsis olunma məqsədi, fəaliyyət istiqamətləri və gələcək planı barədə məlumat verib. O diqqətə çatdırıb ki, təşkilatın məqsədi ictimai formada turistlərə yardım göstərmək, bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirmək, milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etməkdir.
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov təmsil etdiyi qurumun məqsəd və fəaliyyəti, əsas tutduğu prinsiplər barədə məlumat verib. Bildirib ki, yarandığı gündən etibarən Dövlət Turizm Agentliyi turizm sahəsində fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və QHT-lər arasında əlaqə yaratmaq, qoruqların ərazisindən məqsədyönlü istifadənin təşkili və onların qorunub saxlanılması, milli kulinariya nümunələrinin qorunması və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir.
Kənan Qasımov çıxışında turizm sahəsində könüllü fəaliyyətin gənclər üçün gələcək iş imkanları və karyera ilə bağlı biliklər əldə etməkdə mühüm rol oynayacağını deyib. O, agentliyin ölkədə turizmin inkişafı yolunda atılan bütün addım və təşəbbüslərə daim dəstək nümayiş etdirdiyini diqqətə çatdırıb.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov deyib: “Son illər Prezident İlham Əliyevin birbaşa iştirakı ilə ölkəmizdə böyük layihələr keçirilir. Turizm sektorunun inkişaf etdirilməsi üçün bütün lazım olan infrastruktur yaradılır, yeni yollar salınır, mehmanxanalar tikilir, istirahət mərkəzləri istifadəyə verilir. Eyni zamanda, bütün regionlarımız abadlaşdırılır. Könüllük hərəkatı o qədər mühüm hərəkatdır ki, buna Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası xüsusi gün təsis edib. Azərbaycanda da könüllülük işi bu və ya digər şəkildə olub. Son illərdə isə könüllülük hərəkatı öz formasını tapıb. Könüllülük hər bir gənc üçün karyera qurulmasında vacibdir”.
Təqdimatlarda təşkilata üzv olan könüllülərin Dövlət Turizm Agentliyi və tabeliyində olan qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlərə və təcrübə proqramlarına cəlb ediləcəkləri qeyd edilib. Fəaliyyət istiqamətləri sırasında turizm sənayesini təmsil edən müəssisələrə kadr təkliflərinin verilməsinin yer aldığı da vurğulanıb.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Könüllülük Həftəsi” çərçivəsində baş tutub.