İQTİSADİYYAT
Turizm biznesinin mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb YENİLƏNİB
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şura turizm biznesindəki mövcud vəziyyət və perspektivləri müzakirə edib.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə müxtəlif dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirdə turizm biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən turizm biznesi sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib.
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov tədbirin dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, maraqlı təkliflərin səsləndiriləcəyinə əminliyini bildirib. Qeyd edib ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması agentliyin əsas fəaliyyət istiqamətlərindəndir və KOBİA yanında İctimai Şurada bir sıra ictimai təşkilatlar, o cümlədən Azərbaycan Turizm Assosiasiyası təmsil olunur.
O.Məmmədov turizm biznesi sahəsinə dair bir sıra təkliflər də səsləndirib. Bildirilib ki, turizm sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesdə turizm sahəsində fəaliyyət göstərən KOB-lar və onların birlikləri yaxından iştirak etməli və təmsil olunmalıdır: “KOBİA isə bu prosesə sahibkarları cəlb etməyə hazırdır. Sahibkarlar turizm layihələrinin həyata keçirilməsi zamanı investisiya təşviqi mexanizmindən istifadə edərək ciddi vergi güzəştləri, imtiyazlar əldə edə bilərlər. Bu baxımdan KOB subyektlərini bu sahədə aktiv investisiya fəaliyyətinə dəvət edirik. Bundan başqa, daxili bazar araşdırmaları dəstək mexanizmindən turizm biznesi sektorunda istifadə oluna bilər”.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında turizm sahəsində həyata keçirilən yeniliklər və layihələr, qarşıdakı hədəflər barədə məlumat verib.
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov assosiasiyanın fəaliyyəti, turizmin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən danışıb, sahənin inkişafına dair müvafiq təkliflər səsləndirib.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib.
KOBİA-nın idarə heyəti sədrinin müavini Nadir Adilov agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.
Tədbir çərçivəsində, həmçinin KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi barədə maarifləndirici videoçarx nümayiş olunub.