MƏDƏNİYYƏT
“Turizm ili” çərçivəsində “Azərbaycan: fototur” sərgisi açılmışdır
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də “Turizm ili” çərçivəsində “Abşeron” Rəsm Qalereyasında gənc fotoqrafların əsərlərindən ibarət “Azərbaycan: fototur” sərgisi açılmışdır.
Sərginin təşəbbüsçüləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə gənclər təşkilatı və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsidir.
AZƏRTAC xəbər verir ki, sərginin ekspozisiyasında 10 nəfər gənc rəssamın 50 fotokompozisiyası yerləşdirilmişdir. Fotoları şərti olaraq həm mənzərə, həm portret, həm natürmort, həm də çoxfiqurlu janrlara aid etmək olar.
Sərginin açılış mərasimində məlumat verilmişdir ki, nümayiş etdirilən fotoşəkillər Azərbaycanın müxtəlif guşələrində - Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun ərazisində, Şamaxıda, İsmayıllıda, Qubada və digər bölgələrdə obyektivə alınmışdır. “Azərbaycan: fototur” layihəsi ötən il fevralın 3-də başlanmış və bu ilin əvvəlində Qubanın Xınalıq kəndinə səfərlə başa çatmışdır. Lakin bu sərgi layihənin sonu deyil, onun bir fazasıdır. Növbəti ildə də yaradıcı səfərləri davam etdirmək nəzərdə tutulur.
Sərgidə nümayiş etdirilən “Çərxi-fələk”, “Ötən əsrin pəncərəsi”, “Ən qədim diskoteka” adlı əsərlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
“Azərbaycan: fototur” layihəsini reallaşdırmaqda məqsəd gələcək rəssamları açıq havada işləməyə sövq etmək, onlarda obyektiv baxış qabiliyyəti formalaşdırmaq, kompozisiya qurmaq və perspektivi hiss etmək qabiliyyətini gücləndirməkdir.