İQTİSADİYYAT


Turizm marşrutuna daxil olan Qax-Zaqatala yolu yenidən qurulub VİDEO

Bakı, 3 noyabr, AZƏRTAC

Turizm marşrutuna daxil olan Qax-Zaqatala yolu yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.

Layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Yolun ümumi uzunluğu 29,8 kilometr təşkil edir. Qax-Zaqatala yolu 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. 2 hərəkət zolaqlı olan və hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni isə 2,5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Tikinti layihəsinə əsasən yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yola 3 laydan ibarət (10+7+5 santimetr) yeni asfalt-beton örtüyü döşənib.

AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yol üzərində düzbucaqlı və dairəvi en kəsikli 52 ədəd suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə yeraltı keçid tikilib. Layihə çərçivəsində Qum çayı üzərində uzunluğu 23,2 metr və Süzgənc çayı üzərində uzunluğu 46 metr olan dəmir-beton körpülər inşa edilib, Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı şəkildə bərpa və bərkitmə işləri aparılıb.

Yolboyu yaşayış məntəqələri hüdudlarında uzunluğu 5940 metr ikitərəfli və 1900 metr uzunluğunda birtərəfli piyada səkilərinin və 16 yerdə avtobus dayanacaqlarının tikintisi, çiyin hissələrin hamarlanması işləri aparılıb. Yolun hərəkət hissəsinin yağlı boya ilə xətlənməsi, məlumatverici və göstərici nişanların quraşdırılması işləri aparılaraq yekunlaşdırılıb.

Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol əhatə dairəsinə xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verib. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.