MƏDƏNİYYƏT
Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun ikinci iclası keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə oktyabrın 12-də Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun ikinci iclası keçirilib.
İclasda Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, habelə Təhsil nazirliklərinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan nazir müavini Sevda Məmmədəliyeva açaraq peşə təhsili istiqamətində fəaliyyətin əlaqələndirilməsi, mövcud təhsil sisteminə yeni yanaşmaların tətbiqi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili ilə bağlı məsələlərin xüsusilə diqqətdə saxlanılmalı olduğunu bildirib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, toplantıda Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması ilə bağlı həyata keçirilən işlər, təqdim edilən “Turizmlə bağlı nümunəvi peşə standartlarının, peşə standartı üzrə qiymətləndirmə nümunələrinin və turizm müəssisələri üçün nümunəvi təlim standartlarının tətbiqi haqqında” əmr layihəsinin rəsmiləşdirilməsi vəziyyəti, İşçi Qrupunun İş planına, habelə digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilməli məsələlər ətrafında müzakirələr aparılıb.
İclasın yekununda Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması ilə əlaqədar müvafiq işlərin sürətləndirilməsi, peşə standartlarına dair əmr layihəsinin aidiyyəti qurumlarla rəsmiləşdirilməsi imkanlarının araşdırılması, təhsilin pillələri üzrə turizm ixtisasları ilə bağlı siyahıda dəyişikliklərin edilməsi haqqında təkliflərin rəy bildirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinə göndərilməsi, habelə Strateji Yol Xəritəsinin və digər normativ - hüquqi sənədlərin icrası istiqamətində qarşıda duran vəzifələrin icrasının nəzarətdə saxlanılmaqla sürətləndirilməsi qərara alınıb.
Qeyd edək ki, Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupu
Ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, turizm sahəsində elmi tədqiqatların aparılması, digər ölkələrin təcrübəsindən yararlanmaqla turizm təhsili sektorunda yeni və təcrübəli əməkdaşlar üçün təlim modullarının müəyyən edilməsi, turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və digər müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılıb.